“McDonald’s Azerbaijan” öz əməkdaşları üçün koronavirusa qarşı könüllü peyvəndlənmə təşkil edib

Aprelin 16-sı rəhbərlik başda olmaqla, “McDonald’s Azerbaijan” şirkətinin əməkdaşlarının “Sinovac Biotech” şirkətinin istehsal etdiyi “CoronoVac” vaksini ilə peyvəndlənməsinin birinci mərhələsinə başlanılıb.

Əməkdaşların və restoran qonaqlarının təhlükəsizliyi hər zaman bizim üçün əsas iş prinsiplərindən olub. Bu səbəbdən, əməkdaşların peyvənd olunması koronavirusa qarşı qəbul edilmiş profilaktik tədbirlərin məntiqi davamıdır.

İctimai iaşə sahəsinin nümayəndələri olaraq bilirik ki, əhalinin kafe və restoranlara getməsinin nə dərəcədə təhlükəsiz olması ölkədəki gələcək epidemioloji vəziyyətinə birbaşa təsir edir. Əməkdaşların peyvəndlənməsi təkcə onların deyil, həm də qonaqların təhlükəsizliyini təmin etməyə imkan verəcək. Bu isə öz növbəsində, karantin rejiminin potensial sərtləşdirilməsindən yayınmağa və daha qısa zamanda normal həyata qayıtmağa şərait yaradacaq. Bu səbəbdən, “McDonald’s Azerbaijan” şirkətinin rəhbərliyi ölkənin müəyyənləşdirdiyi strategiyaya riayət edərək, hazırki reallıqda yeganə düzgün çıxış yolunu – əməkdaşların peyvəndlənməsi yolunu seçib.

Qeyd etmək lazımdır ki, şirkət əməkdaşlarının peyvəndlənməsi könüllülük prinsipi əsasında həyata keçirilir. Bununla belə, bu prosedurdan keçməzdən öncə şirkət əməkdaşları mütləq tibbi baxışdan keçirlər.